«Rusiyanın təcavüzü nəticəsində rekord sayda ukraynalı qaçqın düşüb» — BMT

167

Rusiyanın Ukraynaya təcavüzü son onilliklər ərzində təqiblər, münaqişələr, zorakılıqlar və insan hüquqlarının pozulması nəticəsində didərgin düşmüş insanların sayında ən böyük illik artımla nəticələnib.

Cipdh-fd.com  xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin hesabatında qeyd edilib.

2022-ci ildə məcburi köçkünlərin sayı 21% artaraq ilin sonunda təxminən 108,4 milyon nəfər təşkil edib. 2023-cü ilin may ayında bu rəqəm, ehtimal ki, 110 milyondan çox artıb. Rusiyanın işğalı, Sudanda davam edən müharibə artımın əsas səbəbi olub.

“Bu rəqəmlər bizə göstərir ki, bəzi insanlar münaqişəyə girməkdə çox tələsik və həll yollarını tapmaqda isə əksinə çox yavaşdırlar. Nəticə isə öz evlərindən zorla qovulmuş milyonlarla insanın hər biri üçün dağıntı, köçkünlük və əzabdır”, — deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Hesabatda deyilir ki, dünya üzrə qaçqınların ümumi sayı 2022-ci ilin sonuna 35% və ya 8,9 milyon nəfər artaraq 34,6 milyon nəfərə çatıb. Artım əsasən Ukraynadan gələn immiqrantlar, İran və Pakistandakı əfqanların sayına dair yenidən işlənmiş hesablamalar hesabına baş verib.

BMT QAK-ın məlumatına görə, Ukraynada müharibənin ilk günlərində hər gün 200 mindən çox qaçqın təhlükəsizlik üçün sığınacağı xaricdə, ilkin olaraq Ukrayna ilə qonşu olan ölkələrdə axtarıb.

Hesabatda deyilir ki, 2022-ci ilin sonunda 11,6 milyon ukraynalı köçkün vəziyyətində olub. Onlardan 5,9 milyonu öz ölkəsi daxilində, 5,7 milyonu isə qonşu ölkələrə köç edib. İkinci Dünya Müharibəsindən bəri ən sürətli və ən böyük köçkünlük böhranını yaranıb.

Hesabatda deyilir ki, Ukraynanın işğalı 2022-ci ildə miqyası və sürəti baxımından ən böyük köçkünlük böhranı ilə nəticələnsə də, dünyanın digər yerlərində də münaqişələr o vaxtdan bəri davam edib və ya yenidən üzə çıxıb.