“Aran” qəzetinin 90 illiyinə həsr olunmuş növbəti sərgi keçirildi.

235

“Aran” qəzetinin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə qəzet kollektivinin birgə təşkil etdiyi sərgi belə tədbirlərdəndir. MKS-nin həyətində nümayiş etdirilən sərgidə Ağcabədi Rayon İcra Hakimiyyətinin, icra hakimiyyəti yanında İctimai Şuranın, YAP Ağcabədi rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, Heydər Əliyev Mərkəzinin, Uşaq Yaradıcılıq Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, “Ələk” ədəbi məclisinin, digər idarə, təşkilat və müəssisələrin nümayəndələri iştirak ediblər.
Sözügedən sərgidə iştirakçılara “Aran” qəzetinin müxtəlif dövrlərdə nəşr olunan nüsxələrindən nümunələr, xüsusi buraxılışlar, saylar, Ağcabədi yazarlarının, redaksiya əməkdaşlarının əsərlərindən ibarət kitablar və digər materiallar təqdim olunub.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva tədbiri giriş sözü ilə açaraq, “Aran” qəzetinin kollektivini yubiley münasibəti ilə təbrik edib və qəzetin nəşr tarixi haqqında ətraflı məlumat verib. Sonra rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, İctimai Şuranın sədri Vaqif Qarayev, şəhid Ömər Rəhimlinin atası Rəşad Rəhimov, rayon gənclər və idman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Vətən müharibəsi qazisi Suliddin Mirzəyev, YAP rayon təşkilatının əməkdaşı Nazim Bünyatov, “Aran Ağcabədi” televiziyasının əməkdaşı Gündüz Sevindik, “Aran” qəzetinin redaktor müavini Adil Misirli, qəzetin redaktoru Məhsəti Ağayeva çıxış edərək, öz ürək sözlərini bölüşüblər. Qeyd olunub ki, qəzetin saytının və internet televiziyasının yaradılması təqdirəlayiq haldır. Rayonda sosial-iqtisadi inkişaf, aparılan abadlıq və quruculuq işləri müntəzəm olaraq həm qəzet səhifələrində, həm də sayt və televiziyada geniş işıqlandırılır.
Çıxış edənlər “Aran” qəzetinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq və dərin təşəkkürlərini bildiriblər.
Sonda “Ələk” ədəbi məclisi tərəfindən sərgidə nümayiş etdirilən 50-dən artıq bədii kitab oxuculara hədiyyə edilib.

CİPDH-FD.