Baş nazirin müşaviri: «Mütəxəssislər Ermənistan-Azərbaycan dəmir yolu ilə bağlı araşdırmalara başlayacaq»

201

“Mütəxəssislər təxminən on gün sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunması planlaşdırılan hissələrində araşdırmalara başlayacaq və bunun əsasında layihə hazırlanacaq”.

Report “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının İşçi Qrupunun rəhbəri, Ermənistanın Baş nazirinin müşaviri Artaşes Tumanyan deyib.

Onun sözlərinə görə, İşçi Qrupun işində Rusiya Dəmir Yollarının mütəxəssisləri də iştirak edəcəklər.

Müşavir bidirib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır: «Bu həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər. Ən azı hər iki tərəf öhdəlik götürməlidir. Çünki onlar birlikdə işləməlidirlər. İstiqamətlər və görüləcək birgə işlər var. Dəmir yolunun Yerasx (Arazdəyən) hissəsinin bərpası aylar, Mehri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə üç il çəkəcək. Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Gömrük məntəqələri və digər obyektləri saymasaq, bu iş 200 milyon dollardan çox vəsait hesabına başa gələcək”.

Bundan əvvəl, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan dəmir yolu üçün 200 milyon dolların lazım olduğunu açıqlamışdı.