«Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam. Bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuşdur. Bir çox açılışlar həyata keçirilmişdir və 10 günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir».
Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Prezident bildirib ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı və Qarabağı, Zəngəzuru azad görmək olub: «İl boyunca Ulu Öndərin fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilib, müzakirələr aparılıb. Yollar, körpülər, tunellər inşa edilir, elektrik stansiyaları, su anbarları, elektrik xətləri, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir və yenidən qurulur və ya təmir olunur. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı və Qarabağı, Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin elədik.
Heydər Əliyev bütün dövlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Məhz o illərdə müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Heydər Əliyev 1982-1987-ci illərdə Kommunist Partiyasının siyasi bürosunun üzvü kimi və Sovet hökumətinin sədrinin birinci müavini kimi daima Azərbaycana öz diqqətini, qayğısını göstərirdi və məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də inkişaf edirdi».